Muzey

Azərbaycan Milli İncəsənət Muzeyi qədim dövrlərdən bu günümüzədək yaranmış milli  və ümumbəşəri maddi-mənəvi mədəni irsini qoruyub saxlayan və  bu misilsiz bədii inciləri nəsillərdən-nəsillərə ötürən qiymətli mədəniyyət xəzinəsidir. 

Muzey daha öncə, 1924-cü ildə Azərbaycan Dövlət Muzeyinin nəzdində İncəsənət şöbəsi kimi mövcud olmuş, Azərbaycan SSSR Xalq Maarif Komissarlığının qərarı ilə 1936-cı ildə həmin şöbənin əsasında ayrıca bir muzeyin - Azərbaycan Dövlət incəsənət Muzeyinin yaradılması qərara alınmışdır.

Muzey 1936-cı ildə Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyətə başlamışdır. 1937-ci il 6 may tarixində Azərbaycan Dövlət İncəsənət Muzeyinin ekspozisiyasının təntənəli surətdə açılışı Azərbaycan bədii həyatında əlamətdar günə çevrildi.

Hal-hazırda muzey iki qədim tarixi binadan və bu binaları vahid kompleks şəklində birləşdirən müasir memarlığa uyğun keçid korpusundan ibarətdir.

1951-ci ildən muzey, 1887-1895-ci illərdə şəhərin baş memarı Nikolay Avqustoviç fon der Nonne layihəsi əsasında inşa olunan,  xalq arasında “De Burun sarayı" kimi tanınan holland sahibkarı və neft milyonçularından biri olan Lev de Bura məxsus mülkdə yerləşmişdir. 1992-ci ildə muzey məkanın genişləndirilməsi məqsədilə, 1883-1887-ci illər memar Mixail Denisoviç Botovun layihəsi əsasında inşa olunmuş imperatriça Mariya Fyodorovnanın adını daşıyan Mariniski Qadın Məktəbinin binası da muzeyin istifadəsinə verilmişdir. Milli və dünya xalqları mədəniyyəti arasında körpü rolunu oynayan və 2012-ci ildə tamamlanan binanın memarı isə  Abdulla Hüseyndir.

2011-ci ildə Dövlət qərarı ilə muzeyə - Milli status verilmişdir. Həmin ildə muzeyə Brüsseldə yerləşən Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) qərarı ilə beynəlxalq standart və kriterilərə cavab verən, keyfiyyətli muzey xidməti göstərən və peşəkar təcrübəyə malik Avropa Muzey Standartı (EUMS) statusu verilib.

Muzeyə ötən illər ərzində Azərbaycanın tanınmış Xalq rəssamı S.Salamzadə (1936-1942), sonra Xalq rəssamı, Əməkdar incəsənət xadimi K.Kazımzadə (1942-1992) başçılıq etmiş, hazırda isə Azərbaycanın Əməkdar incəsənət xadimi, prof. Çingiz Fərzəliyev rəhbərlik edir.

Muzeyin zəngin elmi və maddi bazası əsasında respublikamızda və MDB ölkələrində fəaliyyət göstərən bir çox tanınmış muzeylərin fondları yaranmış və zənginləşmişdir. 1967-ci ildə Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə, 1968-ci ildə Ə.Əzimzadənin ev muzeyinə, 1985-ci ildə Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyinə, 2001-2005-ci illər ərzində isə Naxçıvan MR-sında fəaliyyət göstərən Bəhruz Kəngərli adına Rəsm Qalereyasına, eyni zamanda Sankt-Peterburqda fəaliyyət göstərən Rusiya Etnoqrafiya Muzeyinə sənət nümunələri daimi istifadəyə verilmişdir.

Azərbaycan Milli İncəsənət Muzeyi kolleksiyasının dəyəri və zənginliyi baxımından dünya miqyasında olan nüfuzlu muzeylərdən biridir. Burada daim Türkiyə, İran, Fransa, Yapon, Çin, Orta Asiya və s. xalqların incəsənətinə həsr edilmiş beynəlxalq sərgilər keçirilir. Muzey beynəlxalq layihələrin iştirakçısı, elmi tədqiqatların bazasıdır. Burada təşkil edilən elmi mühazirələr, ekskursiyalar, ailə, uşaq və gənclər proqramları, dərnəklər, ustad-dərsləri, dəyirmi masa və diskussiyalar yaşından və milli mənsubiyyətindən asılı olmayaraq hamı üçün maraqlıdır.

Azərbaycanın ən aparıcı mədəniyyət ocaqlarından biri olan və zəngin kolleksiyasında 18000-dən artıq eksponatın saxlanıldığı Azərbaycan Milli İncəsənət Muzeyi milli təsviri və tətbiqi sənət nümunələri ilə bərabər, ölkəmizin çoxəsrlik geniş mədəni əlaqələrindən xəbər verən Qərb və Şərq incəsənətinin müxtəlif dövr, çeşid və üslublarını  özündə ehtiva edir.

Beləliklə, muzeyin kolleksiyası ilə tanışlıq Sizdə milli, eləcə də  dünya  incəsənəti haqqında dolğun və ətraflı təsəvvür yaradır.