"Yapon incəsənəti" adlı sərginin açılışı...

05 Mart-30 Aprel, 2019

Keçirilmiş

5 mart tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisinin açılışı baş tutdu. 
Sərgini giriş sözü ilə açan Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev Yaponiya mədəniyyətinin özünəməxsus mədəni irsə sahib olduğunu vurğuladı.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanla Yaponiya arasında dostluq əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd etdi. Ölkəmizdə Yaponiya incəsənətinə həsr olunmuş bir çox tədbir və sərgilərin keçirildiyini bildirdi. Buna bariz nümunə olaraq, 2012-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının iyirminci ildönümünə həsr olunmuş “Budonun Ruhu: Yaponiyanın döyüş sənətinin tarixi” adlı sərgini və Yaponiyanın “Sülh naminə Daş Assosiasiyası” təşkilatı tərəfindən Azərbaycan Respublikasına hədiyyə edilmiş “Sülh naminə Daş” adlı xatirə simvolunun təqdimat mərasiminin Milli İncəsənət Muzeyində keçirildiyini xatırlatdı.
Çıxışı Azərbaycan Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov davam etdirərək, Yaponiya incəsənətinə yaxından bələd olduğunu söylədi. Yaxın keçmişdə Vəcihə Səmədova adına Rəssamlar İttifaqının sərgi salonunda Rusiya Dövlət Şərq Muzeyinin kolleksiyasından gətirilmiş yapon qravüralarının sərgisi keçirildiyini qeyd etdi. Sənətsevərlərin Yaponiya mədəniyyətinə böyük maraq və diqqət göstərdiyini qeyd etdi.
Sərgidə Yaponiyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori çıxış etdi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini söyləyərək, dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi və genişləndirilməsini təmənni etdi. Azərbaycanda çoxyönümlü incəsənətə olan böyük marağı yüksək qiymətləndirdiyini bildirdi.
Azərbaycan Milli İncəsənət Muzeyində “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi XVIII-XX əsrləri əhatə edən 200-ə yaxın muzey əşyasını özündə birləşdirir. Sərgidə təqdim olunan yapon dekorativ tətbiqi sənət abidələri arasında bədii keramika toplusu xüsusi diqqət cəlb edir.
Ekspozisiyada dünyada nüfuz qazanmış, XVIII-XX əsrlər Yaponiyanın məşhur keramika mərkəzlərinin nümunələri təqdim edilir. Parlaq rəsmləri olan çeşidli qab və boşqablar, qızılı və fiqurlu işləməli iri həcmli təntənəli dekorativ güldanlar, zərif dekorlu kiçik güldanlar, qıf şəklində yan tutacağı olan ənənəvi çaydanlar, nazik divarlı fincan və nəlbəkilər, naxışlı piyalələr, ustaca zərif miniatürlərlə bəzədilmiş çay dəstləri, gözoxşayan ətir qabları, çox nadir və orijinal formalı təraş qabları bu qəbildəndir.
Miniatür plastika sənəti, muzeyin yapon incəsənəti kolleksiyasında qiymətli fil sümüyü üzərində virtuoz oyma texnikası ilə işlənmişdir. Sərgidə, həmçinin, süjetli səhnələr və nəbati naxışlarla bəzədilmiş fil sümüyündən hazırlanmış bir neçə qutu, XVIII-XIX əsrlərə aid sədəf haşiyəli valehedici yelpiklər, döyüşçülərin qüruru sayılan sümükdən hazırlanmış katana (qılınc) qınları yer almışdır. Sərgi, tamaşaçıları məftunedici rəng çalarları ilə sevilən mənzərə tematikasında ustalıqla işlənmiş ecazkar yapon tikmə nümunələri ilə tanış edir. 

Son Sərgilər

Şanlı vətən...

Ətraflı...

"Zamanın pillələri ilə"...

Ətraflı...

Mədəni sərvətlərin qorunması mövzusunda ...

Ətraflı...

Milli Müstəqilik Günü ...

Ətraflı...